Ekoloji Problemlərin həllində ictimai təşəbbüsün rolu

Ekoloji problemlərin həllində ictimai təşəbbüsün rolu

 

Giriş

 

XXI əsr. Bu, tarixin sadəcə nömrəli bir ifadəsi deyil, eyni zamanda özünəməxsus yenilikləri, nümunəsinə rast gəlinməmiş dəyişiklikləri, sürəti baxımından irəliləyişləri və xarakteri ilə, həm də kəskinliyi üzrə özündən öncə gələnləri kölgədə qoyan bir çağın adıdır.

Əlbəttə, tarixin müxtəlif mərhələlərində presedenti olmayan müxtəlif novasiyalar(yeniliklər) və problemlərə rast gəlinirdi. Ancaq bunlar ilk növdədə rəqəmli vaxt intervallarının daha geniş olması ilə əlamətdar idi və tarixi təkərrürün payı isə əsasən novasiyalara nisbətdə daha geniş olurdu: müharibələr, müxtəlif epidemiyalar, kütləvi xarakterli sapqınlıq, dövlətlər, dinlər, sivilizasiyaların yenilənməsi və s. Ancaq bizim çağımızda bu nisbət dəyişmişdir və keçmişdə analoqu yaşanmamış hallar, yeni və tanış olmayan problemlər daha çox üzləşiləndir...

            Çağımızın ən böyük təhlükəsi, əslində mənbəyini bir neçə yüz il əvvəldən götürmüş olması ilə yanaşı, heç kəsə qaranlıq deyil ki, qlobal ekoloji problemlər məcmusu, o cümlədən qlobal istiləşmə və iqlim dəyişikliyi, şiddətli hava, su, torpaq, səs çirklənməsi,  radiasiyalanmanın vüsət alması, səhralaşma və torpaq eroziyası, meşə massivlərinin təbii yaxud antropogen yolla məhvə üz tutması, qida qıtlığı, flora və fauna növlərinin zəncirvari şəkildə nəsillərinin kəsilməsi, epidemiya və xəstəlikərin növlərinin, həm də miqyasının genişlənməsi, ozon qatının deşilməsi və günəşin zərərli şüalarınınn yer səthinə daxil olması, ümumilikdə bəşəriyyətin ömrünü davam etdirə bilməsi üçün vacib olan bütün resursların tükənməyə başlaması və daha saymağa davam edilməsi mümkün bir-birilə sıx sistematik əlaqəsi olan təhdidlərdir[1].

            Ekoloji problemlər məcmusu çağımızın ən böyük məsələsidir, əvvəla ona görə ki, miqyası qlobaldır, həm də ona görə ki, bu problem bəşər tarixinin müxtəlif proseslərinin bir nəticəsi olmaqla yanaşı, eyni zamanda yeni ekoloji və başqa problemlərin də səbəbi rolunu oynaya bilir. Yəni həm nəticədir, həm də səbəb... Belə ki, hər hansı bir ekoloji problem başqa bir və ya bir neçə növ ekoloji xəsarətin səbəbi ola bilir, sadəcə ekoloji xəsarətlər deyil, ictimai gərginliklərin, iqtisadi-sosial sıxıntıların, siyasi ixtilafların, hətta hərbi münaqişələrin ortaya çıxmasına əsas verə bilir. Nümunə kimi “olacaqsa üçüncü dünya müharibəsinin içməli su resursları uğrunda mübahisədən qaynaqlanacağ”ına dair müasir sosioloqların iddiasını göstərə bilərik[2]. Bir başqa nümunə kimi, İsrailin hazırkı prezidenti Şimon Peresin hələ 1993-cü ildə qələmə aldığı Yaxın Şərqdə sülhə həsr olunmuş kitabında içməli su təmini ilə bağlı başlığa xüsusi yer vermiş olması və bunun ölkələrarası hərbi münaqişələrin ortadan qaldırılmasında effektli rol oynayacağına dair yanaşmasını göstərə bilərik.[3] Bir başqa nümunə olaraq da İngiltərədə nəşr olunan The İndependent qəzetində “su müharibələri” başlıqlı yazıları göstərə bilərik.[4]

            Mahiyyəti və miqyası etibarı ilə qlobal xarakterə sahib olan bu problemin həlli yolları və həll edəcək olan “aktyorlar”ın(iştirakçılar) da hər şeydən əvvəl qlobal səviyyədə hesaba qatılması zəruridir. Bu fəlakətlərin ortaya çıxmasından bütün bəşəriyyətin günahkar sayılacağını bildiyimiz üçün onun cavabdehliyini də kəmiyyət etibarı ilə bütün aləmə indeksləşdimək ehtiyacı doğur. Bu məsələnin xəsarətlərinin bütün dünya sakinləri tərəfindən yaşanacağını, öz həllinin tapmasının məziyyətlərinin də bütün bəşəriyyət tərəfindən əldə ediləcəyi nəzərə alınsa səylərin kollektiv və ümumi bir tərkiblə ortaya qoyulması qaçılmaz olur. Açıqlamaq istərsək, bəşər həyatının bütün iştirakçıları bu mövzu ilə əlaqəlidir deməli olarıq:  Sadəcə beynəlxalq ekoloji təşkilatlar, dövlətlər, onların əlaqəli qurumlarının təşəbbüsləri yetərsiz qalacaqdır, çünki bununla yalnız onların fəaliyyət sahələrinin içərisinə daxil olan məsuliyyətlərin gərəkləri yerinə yetirilə bilər, əlbəttə ki, öz funksiyalarını ideal tamamlamış olduqları halda. Ortaya çıxmasında bütün bəşəriyyətin səbəbkar olduğu bir problem məcmusunun həlli bir neçə qurumun üzərinə yüklənilə bilməz və bu edilsə şübhəsiz ki, uğur qazanması gözlənilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, bu problem o qədər asan həll tapma ehtimalı və imkanına da sahib deyildir.

            Bütün bu səbəblədir ki, istər ayrılıqda spesifik ekoloji problemlər, ya da ümumi bir sistem kimi bu problemlərin məcmusunun həlli dünyada yaşayan, fəaliyyət göstərən bütün “aktyorlar”ın iştirakı ilə həll yollunu tuta bilər:  Beynəlxalq təşkilatlar, dövlətlər, onun müvafiq qurumlari ilə yanaşı, KİV, irili-xırdalı özəl şirkət və müəssisələr, elm və təhsil qurumları, cəmiyyətin nüfuz sahibi ictimai-mədəni dairələri və könüllü ictimai təşkilatlanmalar, vətəndaş cəmiyyəti institutları və ayrılıqda fərdlər bu nəhəng məsələ üzrə müvafiq öhdəlik götürməli və problemin həllinə dair təəssübkeşliklə səy göstərməlidirlər.

            Hal-hazırda bir çox problemin həllində olduğu kimi ətraf mühitlə bağlı məsələlərdə də beynəlxalq hökumətlərarası təşkilatlar, dövlətlər və dövlət qurumları əsas rol oynayırlar. Bu səbəblədir ki, bu problemin həllində ehtiyac duyulan həddə nail olmaq mümkün olmur. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Bunlara ayrılıqda nəzər salmaq lazımdır.

 

Beynəlxalq təşkilatlar

Hazırda üzərində işlənməkdə olan Dünya Ətraf mühit Təşkilatı[5] nəzərə alınmasa bu sahədə çalışan ən tanınmış dövlətlərarası təşkilatın BMT-nin bir altqurumu olaraq fəaliyyət göstərən Birləşmiş Millətlər Ekoloji Proqramının(UNEP) olduğunu söyləyə bilərik.[6] BMT-nin çətiri altında olan bu institut bir beynəlxalq təşkilatdan səlahiyyətləri və iş sahələrinin dairəsinin dar olması baxımından fərqlənir. 1973-cü ildə qurulan bu institut dünya dövlətlərinin ekoloji məsələlər üzrə əməkdaşlıq və koordinasiya platforması rolunu oynamışdır[7]. Digər tərəfdən yer kürəsinin müxtəlif yerlərində rast gəlinən ekoloji təhlükələlər haqqında məlumat toplayıb bölüşməklə də məşğul olur. Daxili ekoloji təşəbbüslərində dövlətlərə kadr və informasiya, hətta bəzən  müəyyən məhdudiyyətlər içərisində maliyyə yardımı da olmaqla yardım edir.

Ümumilikdə dünyada baş verən bütün növ ekoloji hadisələr haqqında tədqiqat və informasiya institutu kimi fəaliyyət göstərir [8].  Şübhəsiz hazırki genişliyini nəzərə alsaq ekoloji problemlər məcmusunun həllində bu çox cılız bir potensialdır. Bununla yanaşı 1983-cü ildə yaranmış Dünya Ekologiya və İnkişaf  Komissiyasının[9] və 1980-ci ildə yaranmış Dünya Qoruma Birliyinin[10] adlarının da bu sahədə fəaliyyət göstərən beynəlxalq səviyyəli təşkilatlar sırasında göstərə bilərik. Digər beynəlxalq təşkilatlar və qurumlar, o cümlədən BMT[11] və Avropa Birliyi[12](təşkilat deyilsə belə) nəzdində ətraf mühit məsələlərinə dair müəyyən fəaliyyətlər göstərilsə də, ümumilikdə bu fəaliyyətləri iqtisadi, siyasi, hərbi,  hətta mədəni və idman kimi fəaliyyət sahələrinə göstərilən ölçüdə maraq və qayğının müşahidə edilməməsi böyük narahatlıq mənbəyidir. BMT çərçivəsində ümumdünya ekologiyasına həsr olunmuş ən böyük layihələr olaraq, 1972-ci il tarixli Stokholm konfransı, 1992-ci il Rio Konfransı, 2002-ci il Yohansburq və 2009-cu il Kopenhagen konfransı, bu konfransların nəhayətində qəbul edilmiş bir neçə beynəlxalq hüquq akt və protokolları, o cümlədən “Artım dayansın!” raportu, Stokholm Deklarasiyası, “Ümumi gələcəyimiz-Brantlend raportu”, “Gündəlik 21”  fəaliyyət planı, Rio Deklarasiyası, iqlim dəyişikliyi müqaviləsi, Meşə Prinsipləri, Bioloji Müxtəliflik Müqaviləsi[13], Kioto protokolu[14] və s. kimi dünya ölkələri baxımından geniş təsirə malik olmuş  sənədləri qeyd edə bilərik.

Bütün bu fəaliyyətlər alqışla qarşılanmalı olsa da təşkilatların dövlətlər üzərində yetərli təzyiq mexanizmlərinə sahib olmamaları və ölkələr arası milli siyasi-iqtisadi maraqların təsiri altına rahatlıqla düşdükləri asanlıqla sezilir. Bu da beynəlxalq təşkilatların bütün səylərini puça çıxarır. Bu səbəblə də beynəlxalq təşkilatların bu sahədə ciddi irəliləyişlər əldə edəcəyinə ümidlənmək doğru deyildir.[15]

 

           

Dövlətlər və müvafiq qurumları

Müasir dövrdə hələ də dövlət qurumlarının öz suverenlik hüdudları daxilindəki problemlərin həllində müstəsna rolu vardır. Bu nöqteyi-nəzərdən ilk baxışda dövlət qurumlarının daxili ekoloji problemlərini həll etməsi imkanı geniş görünür. Məntiqlə hər dövlət öz ərazisindəki problemləri həll edərsə dünyadakı bütün problemlər həllini tapmış olar. Bir çox problemlər tarix boyu məhz bu yola ortadan qaldırılmışdır. Ancaq xaraktercə “yeni” sayılan ətraf mühit problemlərində vəziyyət başqadır.

Ekoloji problemlərin həllində dövlətlərin daxili fəaliyyətlərinə nəzər salsaq burda nəticə bizi qane etməyəcəkdir. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Doğrudur dövlətlər və ya hökumətlər öz fəaliyyət sahəsi olan milli suverenlik  hüdudları dairəsində beynəlxalq təşkilatlardan fərqli olaraq tam səlahiyyət sahibidir, ancaq şübhəsiz bu da ekoloji problemlərin həllində tək ehtiyac duyulan imkan deyildir. İlk növbədə burdakı obyektiv səbəblərə nəzər salmalıyıq. Belə ki, hökumət qurumlarının ehtiyac duyduğu maddi və texniki bütün vəsaitlər bu və ya başqa şəkildə milli büdcədən asılı vəziyyətdə olur. Dövlətlərin(daha doğrusu hökumət) milli büdcəsinın müəyyən fiziki məhdudiyyətlərə sahib olduğu aydın məsələdir. Kobud şəkildə ifadə edilsə, milli büdcəni hansi səviyyədə geniş tutmaq olar ki, bu sahəyə ayrılacaq vəsait ideal olsun?! Üstəlik milli hökumətlərin tək məsulliyyət sahəsi ekologiya da deyildir, digər milli ehtiyaclar da var və bu vəsaitlər əhalinin üzərinə düşən vergi yükü hesabına təmin olunur. Qısası büdcə məhdudiyyəti dövlət qurumlarının əlaqəli sahədə(ekologiya) tam effektli nəticəyə nail olmasına mane olur. Əlbəttə, bu məsələdəki obyektiv məneədir. Digər tərəfdən, subyektiv bir maneə kimi dövlət mexanizminin idarə edilməsində siyasi tıxanmaların  meydana çıxmasıdır. Bunu bir nümunə ilə açıqlamaq faydalı olardı. Dünyanın ən inkişaf etmiş ölkəsi Amerikada hazırkı iqtidar partiyası Demokratlar partiyası ətraf mühitlə bağlı mövzularda respublikaçıların sərt tənqidi və bloku ilə üzləşirlər(Respublikaçılar partiyası daxilindəki REP fraksiyası istisna olmaqla[16]) Bəzən republikaçı konqressmenlərin arasında bəziləri “ətraf mühit məsələrinin heç də bəhs edildiyi kimi ciddi ölçüdə olmadığını, bu mövzunun şişirdildiyini” söyləyəcək qədər irəli də gedirlər[17]. Əlbəttə, konqressmen həddinə çatmış bu şəxsiyyətlərin dünya ekoloji tarazlığının çöküşə üz tutması barədə xəbərsiz olduğuna inanmak sadəlövhlük olardı, əslində bu yanaşmaların mənbəyində bəhsini etdiyimiz subyektiv amillərin durduğu şübhə doğurmur. Bu subyektiv faktorların şəxsi biznes maraqları, ideoloji baxış, sağ-sol münaqişəsi, lobbi və maraq dairələrinin təzyiqi və s. kimi mənbələri ola bilir. Nəticə etibarı ilə dünyanın ən böyük nüfuz sahibi bir dövlətinin konqresində baş verən hadisələr də qlobal siyasət üzərində öz bədxah əks-sədasının doğura bilir. Həm bu dövlətin qlobal səviyyədə öhdəliklər götürməsini və götürdüyü öhdəlikləri tamamlanmasını əngələ salır(Kioto protokoluna qoşulmamaq kimi), həm digər dövlətlərin də məsələ ilə bağlı siyasi iradə göstərməsinə mənfi nümunə təşkil edə bilir. Bu da zəncirvari effekt ilə sadəcə dövlətləri və siyasi dairələri deyil, beynəlxalq hökumətlər arası təşkilatların, həm qeyri-dövlət, qeyri-hökumət xarakterli digər təşkilatların da səylərində tıxanmalara səbəb ola bilir(Milli təhlükəsizlik siyasətinin bir elementi cildində  həyata keçirilən nüvə sınaqları, həmin ölkədə fəaliyyət göstərən bütün vətəndaş cəmiyyəti qurumlarının səylərini dəyərsiz hala salması kimi).

Bu amillərə əsaslanaraq iddia edə bilərik ki, bəhs mövzusu məqsədə çatmaqda dövlət və hökumətlərə bel bağlamaq ümidsizlik vəd edir.

 

Qeyri-dövlət iqtisadi sektoru

 

            Yuxarıda qeyd edildiyi kimi, bu sahədə üzərinə ciddi məsuliyyətlər düşdüyünü söyləyə biləcəyimiz digər “aktyor”lar arasında iqtisadi həyatın əsas elementləri olaraq irili-xırdalı biznes qurumları, özəl şirkət və müəssisələrin də yeri vurğulanmalıdır. Ümumi yanaşsaq çağımızda bəşər həyatının davam etməsi, iqtisadi-maddi ehtiyaclarının təmin edilə bilməsi istiqamətində bu aktyorların dövlət qurumlarından geri qalmayan əhəmiyyəti vardır. Aydın məsələdir ki, insanların gəlir və qazanc mənbəyinin böyük bir qismi bu sektorun payına düşür. Üstəlik dövlət sektorunun da maliyyə baxımından ayaq üstə qala bilməsində iqtisadi həyatın bu iştirakçılarının inkişaf etməsi və fəaliyyətini davam etdirməsinin mühüm yeri vardır: dövlət büdcəsinin əsas payı bu sektordan yığılan vergilər sayəsində təmin olunur. Bütün bunlarla birlikdə bu aktyorların ətraf mühitlə münasibəti çox yüksək səviyyədədir[18]. Əvvəla bu müəssisələrin böyük bir qismi öz fəaliyyətlərində təbii ilkin resurslara ehtiyac duyurlar. Bu da öz növbəsində təbiət üzərində məlum təsirini göstərir. Digər tərəfdən böyük bir qismi istehsalat ilə məşğul olan şirkətlərin istehsal prosesində ciddi həcmdə tullantısı ortaya çıxır. İstehsal deyil, xidmət sektoru içərisinə daxil olan müəssisələrin də tullantıları qeydədəyər bir miqdardadır. Həm təbiətdən istismara bağlı, həm emal və istehlak prosesinin yekunununda ortaya çıxan tulantılarla əlaqəli nəticəyə nəzər salsaq özəl sektorun elementləri olaraq biznes dairələrinin ekoloji məsələlərlə hansı səviyyədə əlaqəli olduğu anlamaq mümkündür. Daha doğrusu bu aktyorların ətraf mühit mövzusunda üzərlərinə götürməli olduqları öhdəliyin nə olduğunu təsbit etmək asanlaşar. Ancaq hazırda bu sektorun da ekoloji məsələlər üzrə göstərdikləri təşəbbüslərin çox aşağı səviyyədə olduğu müşahidə edilir. Bunun da obyektiv və subyektiv səbəblərinə toxunmağa dəyər.

Hər şeydən əvvəl istehsal müəssisələrinin spesifikasının əksərən ekologiyanı maraqlandırmayan sahələrə bağlı olmasını nəzərə almaq lazımdır. Doğrudur, günümüzdə “yaşıl” və ya “eko” məhsullar bəzən bazarda dəb kimi ciddi tələb doğura bilir və bu hesabla da müxtəlif istehsal müəssisələri və firmalar “eko-məhsullar”ın bazara çıxarılmasına maraq göstərə bilirlər. Misal üçün enerjiyə qənaət edən avtomobillər, günəş enerjisi ilə çalışan apparatlar, yenidən istifadə oluna bilən gündəlik məişət vasitələri, davamlı ev əşyaları və s.[19] Bunların törəmə sektorları olaraq təkrar emal müəssisələri də diqqətə layiqdir. Üstəlik təbiət turizmi ilə məşğul şirkətlərin də spesifikası ekologiya ilə birbaşa bağlıdır. Ancaq bütün bu nümunələr nisbət baxımından digər bütün özəl iqtisadi sektor “oyunçularına” görə çox kiçik bir paya sahibdirlər və istisna kimi ələ alına bilərlər. Bu səbəblərdən dolayı, yəni özəl sektor “oyunçuları”nın fəaliyyət istiqamətlərinin müxtəlifliyi ekoloji sağlamlığı onlar üçün maraqsız edir.

 Bir digər obyektiv səbəb isə nisbətən fəlsəfi xarakterlidir. Bir cümlə ilə ifadə etmək istəsək: “Özəl şirkətlərin mövcud olma məntiqi gəlir-mənfəət əldə etməkdir”[20]. Bu nöqteyi nəzərdən yanaşdıqda özəl şirkətlərin bu məsələdə öhdəlik götürməkdə istəkli olmaqlarını da ummaq ütopist yanaşma olardı. Dövrümüzdə multimilli şirkətlərin illik büdcələrindən sosial cavabdehlik xarakterli fəalliyyətlər istiqamətində müəyyən hesablar və vəsaitlər ayrıldığını görmək mümkündür, bu istiqamətdə görülən işlərin çərçivəsində ekoloji layihələrin icra edilməsinə də diqqət yetirilir, bu təşəbbüslər də qeydədəyərdir, ancaq bunun da genişlik baxımından aşağı səviyyədə qaldığını söyləmək mümkündür. Digər tərəfdən bu layihələrin hamısın deyil bir qisminin ətraf mühitlə bağlı olduğu vurğulanmalıdır. Bütövlükdə bu təşəbbüslər də mövcud ekoloji problemlərin ortadan qalxması bir yana, şirkətin fəaliyyəti ərəfəsində ətraf mühitdən istismarın və atılan tullantıların zərərini təzmin edə bilməyəcək qədər cılız qalır. Digər tərəfdən bu addımların reklam ləvazimatı kimi istifadə olunması, cəmiyyət nəzərində müsbət imic formalaşdırmağa hesablanmış olduğuna dair iddialar(greenwash əməliyyatları)[21] isə bu səylərin uğursuzluğuna stimul veren subyektiv amilləri də diqqət mərkəzinə cəlb edir. Beləliklə özəl sektorun da ekoloji problemlərin həllində böyük ümid verdiyini söyləməməliyik.

 

“Elit” dairələr

 

            Ekoloji problemlərin ortadan qaldırılmasında çox ciddi təkanı yuxarıda qeyd edildiyi kimi istər beynəlxalq səviyyədə, istərsədə milli səviyyədə tanınmış, yüksək nüfuz sahibi şəxslərin və bütövlükdə  ictimai-mədəni elitar təbəqənin məsələ üzərinə maraq və diqqətini cəlb etməklə əldə etmək olar. Problemlərin həllində və müəyyən məqsədlərə nail olmaq üçün bu üsuldan istifadə edilməsi praktikada sıx rast gəlinən haldır və iddia etmək mümkündür ki, çağımızda kifayət qədər effektivliyə sahib bir üsuldur. Təcrübədə belə təşəbbüslərdən siyasi, iqtisadi, hətta hərbi məsələlərdə belə yararlanıldığını görə bilərik. Nümunə olaraq İsrail-Fələstin münaqişəsinin həlli bağlı son zamanlar göstərdiyi səyləri ilə Cimmi Karteri[22](hərbi münaqişə sferası), keçmiş amerikan prezidenti və daha əvvəl incəsənət xadimi olmuş Ronald Reyqanı, Kaliforniya ştatında qubernator “seçdirilmiş” məşhur kinoaktyor Arnold Şvardzneqeri, Ukrayna inqilabında yüksək təəssübkeşliklə iştirak etmiş Avroviziya musiqi yarışının qalibi Ruslana Lıjiçkonu(siyasi müstəvi), reklam səhnələrində iştirakları ilə Devid Bekhem, Anri, Ronaldo kimi məşhur futbolçuları(biznes sektoru), BMT-nin Afrika ölkələrində həyata keçirdiyi layihələrdə könüllü iştirakçılıqları ilə Ancelina Coli və Bred Pitt cütünü, Madonnanı(beynəlxalq proyektlər) və s. göstərə bilərik. Ümumilikdə bu nümunələrin hamısının uğura nail olduqlarına əsaslanaraq əmin olmaq mümkündür ki, ekoloji problemlərin həllində də nüfuz sahibi dairələrin meylini və mümkün könüllü yardımlarını cəlb edərək ciddi irəliləyişlərə nail olmaq mümkün ola bilər.

Ancaq bu da həqiqətdir ki, bəhsi edilən dairələrin və ya bənzər şəxslərin bu prosesə cəlb edilməsi problemin həllində sadəcə nümunə rolu oynaya,  effektli təşviq mexanizmi ola bilər. Yəni  kəmiyyət nöqteyi-nəzərdən böyük pay sahibi olacağını söyləmək imkanı yoxdur. Hər halda bu dairələrin  cəmiyyət daxilində ölçüsü kiçikdir.

 

 

Elm və təhsil

 

            Bütün növ problemlərin həllində olduğu kimi sürproblem(fövqəlməsələ) də deyə biləcəyimiz ekoloji problemlər məcmusunun həlli uğrunda çalışarkən elmin və təhsilin yerini xüsusilə qeyd etmək gərəkdir. Əvvəlcə mövzuya fəlsəfi yanaşsaq, dünyadakı bütün problemlərin mənbəyində hər hansı cəhalət və bilgisizlik tipinin olduğu fikrini qətiyyətlə müdafiə edə bilərik. O cümlədən ekoloji problemlərin də bu və ya başqa şəkildə cəhalətin “məhsul”u olduğu inkar edilməməlidir. Əslində bir biliyə sahib olub ona uyğun davranmamaq da cəhalət kimi qiymətləndirilməlidir. Necə ki, əsrlər boyu yer kürəsinin potensialının məhdud olduğu, özünü təzələmə qabiliyyətinin limitli olduğu, resursların tükənən olduğu, ətrafa buraxılan tullantıların böyük xəsarətlər doğuracağı ya bilinməmiş, ya da bilinmiş, amma əhəmiyyət verilməmişdir, ətraf mühitin günümüzdəki halına gəlinib çatılıb və bu da cəhalətin bəduğur nəticəsidir. Indi bu problemin ortadan qaldırılması üçün yerinə yetirilməsi faydalı olan ilk işlərdən biri də bu problemlərin “mənbə”yini ortadan qaldırmaqdır, yəni əlaqəli sahədəki cəhaləti yox etməkdir. Bu baxımdan da ekologiya sahəsində çalışan elmi institutların daha geniş resurs və imkanlarla təmin edilməsi, inkişaf etmələrinə təkan verilməsi, ətraf mühit üzrə elmi bazanın genişləndirilməsi və s. kimi lazımi işlərin görülməsi ilə birlikdə təhsil sektorunda da ekoloji maariflənmənin çəkisinin artırılmasına xüsusi diqqət yetirilməsi müstəsna gərək duyulan bir məsələdir.

Bundan sonrakı dövrdə ekoloji sahədə aparılacaq tədqiqatların iki əsas istiqamət üzrə aparılması zəruridir. İlk növbədə indiyə qədərki dövrdə aparıldığı kimi, ətraf mühitin bütün elementləri, bununla bağlı bütün təhlükə və xəsarətlər, yox olmağa üz tutmuş təbii zənginliklər, bitki və heyvanat aləmi, çirklənmələr və s. kimi mövzular üzrə tədqiqatlar davam və inkişaf etdirilməlidir, digər tərəfdən yeni sayıla biləcək bir tədqiqat istiqaməti kimi ekoloji problemlərin ortaya çıxmasına mane ola biləcək elmi infrastrukturun formalaşmasını predmet seçən elmi tədqiqat sahəsi yaradılmalı və inkişaf etdirilməlidir. Əlbəttə, “davamlı inkişaf”, “eko-ekonomi”, “sağlam ətraf mühit təməlli iqtisadiyyat” və s. başlıqlı tezislərin həm iqtisad, həm də ekoloji ədəbiyyata daxil olması ilə birlikdə bu istiqamət üzrə tədqiqatların başladığını da iddia etmək mümkündür və bu özündə mühüm bir hal kimi qiymətləndirilməlidir.

Bu fövqəlproblemin həllində elmin müstəsna rolu olsa da , onun əhəmiyyətini əvəzsiz qiymətləndirsək də, bu sahədə elmi potensialın böyük olmasının hələ problemin həllində hər şeyə nail olunacağı təsəvvürü yaranmamalıdır. Nə qədər zəngin olursa olsun elmi resurslar və biliklər praktikada öz əksini tapmadıqdan sonra problemlərin ortadan qalxması üçün heç bir kömək etməyə qadir deyil və “kağız yığınından” başqa bir nəticə də bəxş etmir. Ən yaxşı halda elmi potensial problemin həllində “medalın bir üzü”nü təşkil etməyə qadirdir. Bilik və tədqiqatlar problemin anlaşılması və ortadan qaldırılması səylərinə işıq tuta bilər, bunun üçündür. Problemin həlli təşəbbüsləri bu işığın sayəsində uğurla həyata keçirilə bilər. Görülən və görüləcək işlər sağlam elmi dayağa sahib olmalıdır, ancaq problemlər onu tədqiq etməklə, öyrənməklə həll olunmur, bu həmin cəhdin sadəcə bir qismidir, biliklər və məlumatlar praktikada real təzahürünü tapmalıdır.

Bu baxımdan ekoloji problemlərin həllində əsas “aktyor”un üzərinə istiqamətlənmək ehtiyacını yaranır.

 

 

Nəticə

Nəhayət belə bir sual ortaya çıxır ki, hansı şərtlərin yerinə yetirilməsi ilə ekoloji problemlər məcmusunda qeydə dəyər azalma baş verə bilər? Bu sualın cavabı məhz bu yazının məqsədinə nail olmasına kömək edəcəkdir. Əvvəlcə yanaşmamıza bir fəlsəfi təməl hazırlamaq gərəkdir.

Heç kəsə qaranlıq deyil ki, hər hansı bir təşəbbüsün uğurla nəticələnməsi üçün iki ən vacib şərt bu təşəbbüsün azad iradəyə, könüllü səyə dayanması və bu təşəbbüsün həyata keçirilməsi üçün məhdudiyyətlərin və ya çatışmazlıqların mümkün qədər az olmasıdır. Yuxarıda üzərində durulan bütün nümunələrdə bu iki şərtdən heç olmasa birinin təmin oluna bilmədiyini təsbit edə bilirik. Qısa xatırlatma kimi: Beynəlxalq təşkilatlarda səlahiyyət və ya iqtidar yetərsizliyi; hökumətlərin büdcə məhdudiyyəti və siyasi maneələr; özəl iqtisadi sektorda maraqsızlıq və mənfəət arzusu; “elit” dairələrdə miqyas məhdudiyyəti; elmin isə bir kompleksi ifadə edə bilmə gücündən məntiq baxımından məhrum olması...

Bütün bu boşluqları doldurmağa qadir olan tək güc ictimai təşəbbüskarlıqdadır(bəzən bu ifadənin yerinə vətəndaş təşəbbüsü, mülki təşəbbüs kimi ifadələrdən də istifadə olunur). Demokratiyanın bir siyasi sistem olmaqdan daha da vacib bir ictimai davranışlar və ənənələr məcmusu olduğu bir çağda[23] insan(fərd, vətəndaş) ən böyük və təsirli gücü ifadə edir. Bəşər həyatının digər bütün iştirakçıları, o cümlədən hökumətlər, şirkətlər, məşhur şəxsiyyətlər, insan iradəsinin ümumi təmayülləri üzrə hərəkət etməyə, heç olmazsa öz statuslarının qorumaq üçün, həvəs göstərirlər. Bu da öz növbəsində ictimai rəyin çox tutarlı bir iqtidarı ifadə etdiyini isbat edir. Digər tərəfdən də ictimai rəy hər kəsin ümumi mənafeyini təmsil edən məsələlərdə, sağlam məntiqə əsaslansaq, ümumi iradə sərgiləyəcəkdir və bu tam təbiidir. Deməli qeyd edilən iki əsas şərt (güc və iradə) eyni zamanda sadəcə sivil cəmiyyətin tərəfindən təmin oluna bilər[24].

Aydındır ki, bu gücün də ideal həddə çatması üçün çox önəmli maneələr vardır. İlk növbədə qlobal səviyyədə insan faktorunun təsir gücünü nəzərdən keçirsək dünyanın müxtəlif bölgələrində insan iradəsinin-ictimai rəyin heç də hər zaman güclü olmadığını müşahidə edərik. Afrikada, Asiyada, Cənubi Amerikada bəzi avtoritar rejimlərin ictimai rəyə əsasən hərəkət etdiklərini ummaq sadəlövhlük olar.  Eyni zamanda Afrikanın və Asiyanın kasıb ölkələrində ətraf mühit mövzusunda qənaətbəxş ictimai iradə və qayğıkeşlik uzunmüddət bəhs mövzusu ola bilməyəcəkdir. Bu bədxassəli nümunələr də təəssüflər olsun ki, ekoloji problemlərin həllində təmin edilməsi labüd olan iki şərti kəskin çətin hala gətirir: Dünyada geri qalmış ölkələrin iqtisadi və elmi məhdudiyyətləri və avtoritar siyasi rejimlərin “təbəələrinin” iradə yetərsizliyi.

Ancaq ekoloji problemlər bu tipli ölkələrin “fərdi” məsələsi deyildir və demokratik inkişaf yolunu tutmuş ölkələrə də mənfi örnək yaratmalı deyil. Demokratik ölkələrdə ictimai rəy kifayət qədər qüdrətlidir və ortaq mənafelərə təhdid yaradan heç bir mələsəyə qayğısız qalmır, bir şərtlə ki, həmin təhdit haqqında yetəri bilik və informasiyalara sahib olunsun. Beləliklə ictimai təşəbbüsün hansı dərəcədə təsirli ola biləcəyini dərk etməklə bunun praktik mənada necə əksini tapacağı haqqında təklifləri diqqət mərkəzinə çəkə bilərik.

            İctimai təşəbbüskarlığın real təzahürü qeyri-hökumət xarakterli qurumların, təşkilatların  və birliklərin yaradılması ilə ortaya çıxır. Fərdlər könüllülük prinsipi ilə müəyyən məqsəd üzrə bir kollektiv formalaşdırır. Qarşıya qoyulan məqsədin əhəmiyyətinə azad iradə ilə inanır. Bu məqsəd üzrə şəxsi imkanlarından, istər intellektual, istər fiziki, istərsə də maddi gücündən təmənnasız və heç də requlyar, nə də icbari olmayacaq tərzdə sərf etməyə hazır olur.  Kollektiv çalışmanın məziyyətlərini dərk edir, sinergiya yaradır. Miqyası dayanmadan genişlənir. Bütün bu proseslər də öz növbəsində iki məlum şərtin təmin olunmasına uyğun zəmin yaradır: problemin həllində yüksək iradə sərgilənir və artan miqyas məhdudiyyətləri aşmaqda mütəhərrik xarakter alır. Bərabərlik məntiqi üzrə qərarlar alınır, problemin əhatəsinə uyğun olaraq çarə qılınır. Digər bütün “oyun iştirakçıları” ilə əməkdaşlıqlar qurulur, bu sayədə özünəməxsus resurslar doğur. Hökumətlər siyasi mənşəli olduqları üçün ictimai rəyə hesablanmış meylləri ilə prosesə dəstək olur, bu da öz növbəsində həm siyasi, həm də hüquqi-inzibati zəmində müxtəlif vasitələrlə özəl sektoru müsbət mənada işin içinə cəlb edir. Beynəlxalq təşkilatlar hökumətlərin yeni mənimsədiyi təmayülə uyğun olaraq qarşılaşdığı maneələrin(dövlətlərin bloklama mexanizmaları) azalmasına nail olur, digər bütün sektorlar(media, elm-təhsil) da intiqal edən bu hərəkətlənmənin axarında özünə uyğun yer seçir.[25] İctimai təşəbbükarlığın uğuru bir neçə sahədə praktik əksini tapmışdır: rasist düşüncə tərzinin ciddi ölçüdə məhdudlaşdırılması, insan hüquqları, gender problemi, sahibkar-zəhmətkeş münasibətləri problemlərinin həllində ictimai təşəbbüskarlıq müxtəlif ölkələrdə, hətta “qocaman” qərb demokratiyalarında özünəməxsus dini, əxlaqi-mental stereotipləri sıradan çıxarmaqla,  siyasi-ictimai məcraya daşınmaqla, inzibati-hüquqi bəndləri aşmaqla, elmi yanaşmaların reviziyası ilə kifayət qədər müffəqiyyət qazana bilmiş, köklü tərəqqiyə nail ola bilmiş və sonrakı dövrlərdə isə hazır vəziyyətda digər ölkələrə nümunə kimi təqdim olunmuşdur[26].

İndi isə demokratiyaların qarşısında daha ciddi bir məsələ kimi dünya ekologiyasının təhdid altında olması və dünya həyatının iri addımlarla yox olma təhlükəsini ortadan qaldırmaq öhdəliyi durur. Bu məsələnin həllində də ictimai təşəbbüsün oynaya biləcəyi rolu heç bir bəşər həyatının “oyun iştirakçısı” üzərinə götürməyə qadir deyil. Problemin prioritetini dərk edən şəxslər könüllü kollektiv formalaşdırmaqla müəyyən birlik(ya da birliklər) yaradır. Birlik yaranışından etibarən insan amilinə üstünlük verir. Kollektivin miqyasının genişlənməsinə xüsusi əhəmiyyət verir. Birlik öz daxilində və xaricində “yaşıl təfəkkürü”, yəni ətraf mühitə qarşı qayğıkeş davranma etikası və ənənəsi formalaşdırmaq üçün elmi və informativ resurslardan istifadə edir. Bu eyni zamanda fərdlər fonunda hərəkətə gələn ekoloji problemlərin yeni növlərinin yaranmamasına və mövcud olanların isə kənarlaşdırılmasına tərəf insanların meyllərinə stimul verir. Prosesin ictimai zəmində həlli üçün əlavə resurs yaradacaq olan bu dalğa, eyni zamanda ictimai rəy şəklində də media və siyasi arenada öz “exo”sunu doğuracaqdır(Avropa dövlətlərində siyasi liderlərin ritorikasında ətraf mühit məsələlərinin xüsusi çəki qazanması nümunəsi). Müasir demokratiyalarda hüquq və qanunvericilik fəaliyyət və mahiyyət baxımından azad olması ilə birlikdə, mənşəcə siyasidir: “Qanunlar parlamentdə qəbul olunur”. Yəni siyasi müstəviyə daxil olmuş “yaşıl gündəlik” qanunvericilikdə öz proyeksiyalarını doğuracaqdır. Bu da istər-istəməz özəl sektor üzərində müvafiq təsirlər yaradacaqdır(yeni imkanlar və öhdəliklər şəklində). Milli səviyyədə prioritetə çevrilən məsələdə beynəlxalq məkanda qeydsiz qalınmır(Kopenhagendə təşkil olunmuş son qlobal ekoloji BMT forumunda Avropa dövlət təmsilçilərinin xüsusi canfəşanlığının fonunda avro-məkanda təşəkkül tapmış sıx yaşıl ictimai rəyi görmək asandır). Beləliklə ictimai təşəbbüs ekoloji problemlərin ortadan qalxmasında mühərrik rolunu oynayır və ya fırlanma oxu vəzifəsini yerinə yetirir.

Bunlarla birlikdə könüllü ictimai birliklərin praktik müstəvidə başqa fəaliyyətləri də mümkün olur. Müxtəlif layihələr hazırlamaq və onu icra etməklə real işlər həyata keçirilə bilir. Hansısa bir ərazidə çirklənmənin ortadan qaldırılması üçün konkret proyekt məhz bu tipli təşkilatlar tərəfindən koordinə edilə bilər. Ya da təhlükəli bir prosesin üzə çıxarılması kimi, həlli yollarının ortaya atılması kimi, qeyri-rəsmi və vətəndaş maarifləndirilməsi kimi, elmi-tədqiqat instutları, əlaqəli dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıqlar qurmaqla ekoloji problemlər məcmusunun ortadan qalxmasına faydalı olacaq bütün növ səylərin reallığa çevrilməsi istiqamətindəki cəhdlərə şəriklik etmə imkanına sahib olur.

Bu yazının prinsipal məqsədi də ictimai təşəbbüsün mövcud olmadığı təqdirdə belə nəhəng problemin həllində uğur qazanmağın mümkünsüz olacağını ortaya qoymaq, digər tərəfdən isə ictimai təşəbbüskarlığın vüsət almasının digər bütün aktyorların sahəsində də effektivlik formalaşacağına olan məntiqi əsası ortaya qoymaq idi.

 

 

                                                                                   Qəni Bəyoğlu Novruzov



[3] Shimon Peres, “THE NEW MIDDLE EAST”, 1993

[4] Məlumat üçün: http://www.bugday.org/article.php?ID=1112 , 26.04.2010

[6] Mehmet MARIN və Uğur YILDIRIM, ƏTRAF MÜHİT MƏSƏLƏLƏRİNƏ MÜASİR YANAŞMALAR, BETA, Istanbul, 2004,  səh., 390

[8] Adı çəkilən mənbə, səh., 391

[9]Ətraflı məlumat üçün:  http://cms.unige.ch/isdd/spip.php?article68 , 26.04.2010

[10] Ətraflı məlumat üçün : http://www.iucn.org/ , 26.04.2010

[11]Ətraflı məlumat üçün:  http://www.un.org/french/un60/60ways/environment.shtml , 26.04.2010

[12] A.ç.k. , səh., 391

[13] A.ç.k., səh.,  409

[14] A.ç.k., səh., 156